BDU və “ARB 24” telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıb



Bakı Dövlət Universiteti (BDU) və "ARB 24" telekanalı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 


Sənədi BDU-nun rektoru Elçin Babayev və "ARB 24" telekanalının direktoru Radik İsmayılov imzalayıb. 


İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Universitetin İnkişaf Strategiyasına əsasən, ən müasir tədris texnologiyalarının tətbiq olunması nəzərdə tutulur. Əsas məqsəd tədris texnologiyalarının düzgün qurulması və yüksək ixtisaslı kadrların hazırlanmasıdır: “Jurnalistika fakültəsinin tələbələri nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarını möhkəmləndirməlidirlər. Jurnalistika fakültəsinin formalaşmış ənənələri var. Mövcud ixtisasların təkmilləşdirlməsi, yenilərinin açılması da nəzərdə tutulur. Bu baxımdan “ARB 24”lə əməkdaşlıq jurnalistika üzrə tədrisin yüksək səviyyədə təşkilinə töhfə verəcək. Tələbələri bu prosesdə fəal olmağa çağırıram”. 


"ARB 24" telekanalının direktoru Radik İsmayılov isə rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və qeyd edib ki, “ARB 24”ün kadr siyasətində Jurnalistika fakültəsinin məzunlarına böyük önəm verilir. Telekanalın yaradıcı heyətinin yarısı Jurnalistika fakültəsinin məzunlarıdır: “Jurnalistika fakültəsində alınan təhsilin faydasını görməkdəyik. Fakültənin məzunları peşə etikasından kənar davranışlara demək olar ki, yol vermirlər və xəbər prinsiplərinə daha çox əməl edirlər”. 


Qeyd edək ki, müqavilə çərçivəsində BDU-nun Jurnalistika fakültəsində müxtəlif təlimlər keçiriləcək, bakalavr və magistrantlar üçün təcrübə proqramları təşkil ediləcək. Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək və onların yarısı "ARB 24"də işlə təmin olunacaq. 


Əməkdaşlıq müqaviləsi həm də birgə konfransların, sərgi, seminar və simpoziumların təşkil edilməsini nəzərdə tutur.


29 Aprel 2022 16:48