Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və “ARB 24” telekanalının direktoru Radik İsmayılov imzalayıb.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, rəhbəri olduğu ali təhsil müəssisəsinin inkişaf strategiyasına əsasən, burada ən müasir tədris texnologiyalarının tətbiq olunması nəzərdə tutulur. Əsas məqsəd tədris texnologiyalarının düzgün qurulması və yüksəkixtisaslı kadrların hazırlanmasıdır. “Jurnalistika fakültəsinin tələbələri nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarını möhkəmləndirməlidirlər. Jurnalistika fakültəsinin formalaşmış ənənələri var. Mövcud ixtisasların təkmilləşdirilməsi, yenilərinin açılması da nəzərdə tutulur. Bu baxımdan “ARB 24”lə əməkdaşlıq jurnalistika üzrə tədrisin yüksək səviyyədə təşkilinə töhfə verəcək. Tələbələri bu prosesdə fəal olmağa çağırıram”, - deyə rektor qeyd edib.
“ARB 24” telekanalının direktoru Radik İsmayılov rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və bildirib ki, “ARB 24”ün kadr siyasətində Jurnalistika fakültəsinin məzunlarına böyük önəm verilir. Telekanalın yaradıcı heyətinin yarısı Jurnalistika fakültəsinin məzunlarıdır. “Jurnalistika fakültəsində verilən təhsilin faydasını görməkdəyik. Fakültənin məzunları peşə etikasından kənar davranışlara demək olar ki, yol vermirlər və xəbər prinsiplərinə daha çox əməl edirlər”, - deyə R.İsmayılov bildirib.
Qeyd edək ki, müqavilə çərçivəsində BDU-nun Jurnalistika fakültəsində müxtəlif təlimlər keçiriləcək, bakalavr və magistrantlar üçün təcrübə proqramları təşkil ediləcək. Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək və onların yarısı “ARB 24”də işlə təmin olunacaq.
Əməkdaşlıq müqaviləsi, həmçinin birgə konfransların, sərgi, seminar və simpoziumların təşkil edilməsini nəzərdə tutur.